22 
09
21
16:24
193

Mopedlər, qayda pozuntuları, qanundakı boşluqlar - VİDEO

22, 09, 21
16:24
193

Mopedlər, qayda pozuntuları, qanundakı boşluqlar - VİDEO

Dünyanın əksər ölkələrində, iri, avtomobil tıxaclarının çox olduğu şəhərlərdə insanlar velosiped və mopedlərdən nəqliyyat vasitəsi kimi istifadə edir. Elə Azərbaycanda da son illər bu növ nəqliyyat vasitələrinə maraq artıb. Lakin təəssüf ki, artan maraq müqabilində infrastruktur təmin edilmir, çox geri qalır. Bakının barmaqla sayılacaq qədər küçəsində velosiped yolları salınıb.  O səbəbdən də şəhərin küçələrində velosiped sürənlər məcbur olaraq avtomobil yollarından istifadə edir. Bu isə ilk növbədə onların həyatı üçün təhlükədir. Bu həm də avtomobil sürücüləri üçün təhlükəlidir. Çünki velosipedlər bəzən avtomobilin yanında,  arxasında olanda yerləşdikləri yerə görə arxanı göstərən güzgülərdən görünmürlər. İnanırıq ki, Bakı şəhərində velosiped yolları daha sürətlə salınacaq. 

İndi gələk mopedlərə. Mopedlər nəqliyyat vasitəsi kimi çox səmərəli nəqliyyat vasitəsidir. Yanacaq və digər xərclər baxımından əlverişlidir, sürücü demək olar ki, tıxacda qalmır və gedəcəyi yerə daha tez çatır, vaxta qənaət edir. Ən əsası isə avtomobilə nisbətən ekologiyaya dəfələrlə az zərər vurur. Mopedlərdən fərdi nəqliyyat vasitəsi kimi istifadə edənlər gündən-günə atmaqdadır. Sifarişləri birbaşa müştəriyə çatdıran,  kuryer xidməti göstərən şirkətlər də mopedlərdən çox geniş istifadə edir. Lakin təəssüf ki, bu səmərəli nəqliyyat vasitəsinin istifadəçisi artdıqca böyük problemlər də yaşanmağa başladı. Ən böyük problem isə moped sürücülərinin əksəriyyətinin yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, Kobud qayda pozuntularına yol verməsidir. Patrul.az olaraq dəfələrlə belə qayda pozuntularının videogörüntülərini paylaşmışıq. Lakin burada diqqət ediləsi bir məqam var. Hansısa qayda, hansısa qanun kütləvi şəkildə, əksəriyyəti tərəfindən pozulursa deməli o qanunda boşluq, uyğunsuzluq olma ehtimalı az deyil. Məsələnin səbəbinə baxaq ki, niyə görə əksər moped sürücüləri yol hərəkəti qaydalarını pozur? Təsəvvür edin ki, dövlət yol polisi əməkdaşları yollarda qayda pozan avtomobil sürücülərinə qarşı heç bir tədbir görməsə, radarlar, kameralar vasitəsilə heç bir cərimə yazılmasa, qısa desək "kim necə istəyir elə sürə bilsə" o zaman necə olar? Şəxsən siz bilsəniz ki, qayda pozsanız belə sizə qarşı heç bir tədbir görülməyəcək, o zaman qayda pozmazsınız? Avtomobilinizi nömrəsiz sürməyə icazə versələr nömrəsiz sürməzsiniz? Əminik ki, əksəriyyətiniz bu sualı eşidən kimi "niyə sürmürəm, sürərəm" dedi. Ancaq bu zaman yaranacaq xaosu təsəvvür edirsiniz.  Onsuz da bərbad olan vəziyyətin, hər gün bas verən qəzaların, yol nəqliyyat hadisələrinin miqyasının necə artacağını təsəvvür edirsiniz? İndi gələk bu sualın səbəbinə. Məhz moped sürücülərinin əksəriyyətinin yol hərəkəti qaydalarını kobud surətdə pozmasının səbəbi budur. Qanunvericiliyə əsasən mühərriki 50 sm³-a qədər olan nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəzərdə tutulmayıb. Belə olduğu halda qayda pozan moped sürücüsü əmindir ki, o qayda pozan zaman YPX əməkdaşı onu görüb saxlamasa təhlükəsiz şəhər kameraları əsasında ona cərimə yazılması mümkün deyil. Cünki mopedin dövlət qeydiyyat nişanı yoxdur, kameralarda da üz tanıma sistemi yoxdur ki, sürücünün kimliyi müəyyən olunsun. Üz tanıma sistemi olsa belə dəbilqədə moped sürün sürücünü tapmayacaq.  Beləliklə cəza olmayan yerdə xaos artır, qanuna əməl olunmur. Hələ bundan da böyük problem odur ki, 16 yaşına çatmış istənilən şəxs moped ala və idarə edə bilər. Yol hərəkəti qaydalarından heç bir anlayışı olmasa belə. Biz qəti olaraq bir nəqliyyat vasitəsi kimi mopedin əleyhinə deyilik. Moped sürücülərinə qarşı çıxmırıq. Əksinə mopedə marağın artmasını dəstəkləyirik, daha çox insanın istifadə etməsini arzulayırıq. Amma istifadəçilərin əksəriyyəti heç bir qanuna əməl etmədən istifadə etdikcə yol nəqliyyat hadisələrinin, faciələrin sayı artacaq. Bu ilk növbədə həmin moped sürücülərinin həyatına təhlükədir. Patrul.az olaraq istəyərik ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da mopedlər avtomobillər kimi dövlət qeydiyyat nişanı ilə təmin edilsin. Belə olan halda nömrəli moped sürən sürücü cərimə olunmaq ehtimalına görə qaydalara  riayət edər. Əlavə olaraq isə moped sürücüləri üçün heç olmasa yol hərəkəti qaydalarının ən sadə, ən əsas hissələri barədə imtahandan keçsinlər. Bir növ sürücülük vəsiqəsi almaq kimi olsun, lakin avtomobil sürücülərinə nisbətən moped sürücülərinə veriləcək suallar maksimum sadə və ən vacib mövzular barədə olsun. Ümid edirik ki, səlahiyyətli şəxslər tezliklə təklifimizi dəyərləndirib müzakirəyə çıxaracaq. Axı onlar da, onların yaxınları da yol hərəkəti iştirakçısıdır.

Bizimlə əlaqə saxlayın

birbank