22 
12
19
14:51
1 108

Sərnişinlərin həyatı ilə “oynayan” avtobus sürücüləri yenidən “fəallaşıb” - VİDEO

22, 12, 19
14:51
1 108

Sərnişinlərin həyatı ilə “oynayan” avtobus sürücüləri yenidən “fəallaşıb” - VİDEO

Bakıda ictimai nəqliyyatın əsas hissəsini təşkil edən müntəzəm marşrut avtobusları ilə bağlı şikayətlər uzun illərdir ki, mövcuddur. Cəmiyyətdə “avtobus sürücüləri necə gəldi sürür”, “yol polisi avtobus sürücülərini cərimələmir” kimi fikirlər olub və indi də var.

Bir müddət öncə Bakı Nəqliyyat Agentliyinin fəaliyyətə başlamasıyla bu sahədə bəzi dəyişikliklər oldu. “BakuBus” MMC-yə məsxus avtobusların xəttə buraxılması, eyni zamanda daşıyıcı şirkətlərin yenilənməsi qanun pozuntularını qismən azaltdı.

Son  bir neçə ayda avtobus sürücüləri yenidən “fəallaşıb”. Hətta “BakuBus” MMC-yə məxsus avtobusların sürücüləri belə, qayda pozmaqdan çəkinmir.

İşıqforun qadağanedici nişanının tələbləri pozulur, dayanacaqdan kənarda sərnişin düşürmə halları baş verir. Həmçinin bir neçə dəfə qəza hadisələri də olub. BNA tərəfindən yeni daşıyıcı şirkətlərin xidmətə cəlb edilməsi, yeni avtobusların gətirilməsi ilə nəticələndi. Sərnişinlər indi daha rahat və təmiz avtobuslarda, səliqəli geyimli sürücülərin idarəsində mənzil başına çatırlar. Amma elə bu səliqəli geyimli sürücülər, təmiz avtobuslarla insanların həyatını təhlükəyə atır.

Hələ ki, dəyişməyən xətlər və köhnə avtobuslar isə şəhər küçələrində sözün həqiqi mənasında at oynadır. Xüsusilə əks istiqamətə çıxaraq hərəkət etmək, həmçinin sükan arxasında mobil telefondan istifadə, siqaret çəkmək kimi hallar sərnişinlərin narazılığına səbəb olur. Qrafikə gecikən sürücü sanki şəhərdə F1 yarışlarına hazırlaşırmış kimi avtobus idarə edir. Nəticədə isə ağır yol qəzaları baş verir ki, sərnişinlər həyatını itirir, yaralanırlar.

Avtobus qəzaları təəssüflər olsun ki, kütləvi xəsarətlə nəticələnir. Burada marşrut xəttində istismarda olan avtobusun texniki nasaz olması ilə yanaşı əsas faktor sürücülərdir. Bir çox daşıyıcı şirkətlər sürücü qəbul edərkən onu araşdırmır, təcrübəsi ilə maraqlanmır. Həmçinin sürücülər reysqabağı tibbi müayinədən sadəcə formal olaraq keçirilir. Sonda isə qəzada insanların həyatı təhlükə altına düşür.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov isə  bildirib ki, yol polisinin əsas vəzifəsi təhlükəsiz və fasiləsiz hərəkətin təşkilidir:
"Təbii ki, qayda pozan sürücülərə qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələr tətbiq olunur. Bu, Bakı şəhərində fəaliyyət göstərən marşurut avtobuslarına da aiddir. Hazırda həm xüsusi texniki vasitələrin köməyi ilə, həm də xidmət aparan YPX əməkdaşı qayda pozan avtobus sürücüləri barəsində inzibati tənbeh tədbirləri görür."

Şöbə rəisi bildirib ki, inspektor qayda pozuntusu aşkar etdikdə sərnişinləri nəzərə alaraq həmin an avtobusu saxlamır:

"Sərnişinlərin rahatlığı mütləq nəzərə alınır. Odur ki, YPX əməkdaşları qayda pozuntusu barəsində həmin marşrut avtobuslarının sonuncu dayanacağında xidmət aparan inspektora məlumat verirlər. Burada həmçinin xüsusi texniki vasitələrin aşkarladığı görüntülər də təqdim olunur və sürücü barəsində inzibati qaydada protokol tərtib edilir."

Vaqif Əsədov sosial şəbəkələrdə avtobus sürücülərinin qayda pozmasını əks etdirən video və foto görüntülər məsələsinə də aydınlıq gətirib. O bildirib ki, həm sosial şəbəkələrdə, həm də mətbuatda yer almış bütün məlumatlar araşdırılır və müvafiq olaraq hüquqi qiymət verilir.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank