03 
06
23
17:05
91

Cüdoçu Turanın ölümündə təqsirləndirilən şəxsin vəkili ilk dəfə mətbuata danışdı

03, 06, 23
17:05
91

Cüdoçu Turanın ölümündə təqsirləndirilən şəxsin vəkili ilk dəfə mətbuata danışdı

"Patrul.az" tanınmış vəkil Adəm Məmmədov ilə müsahibəni təqdim edir:

Salam, Adəm bəy, necəsiz? 

Salam, var olun, işlər çoxdur, başımız qarışıqdır.  

Ölkədə tanınmış hüquqşünassınız, həmişə gündəmdə olursuz. Hər hüquqşünas sizin kimi uğur qazana bilmir. Sizin özəlliyiniz nədir?

Hər şeyin arxasında böyük zəhmət, əmək dayanır. İkincisi hansı peşə sahibi olursan ol, cəsarətli olmalısan. Həmçinin, ədalət hissini itirməmək lazımdır. Ən əsası isə heç kimin bacarmadığı işi bacarmalısan.  

Son vaxtlar gündəmə tez-tez gəlirsiz, mətbuatdan oxuyuruq, əsasən də idmançılarla bağlı məhkəmə işi geniş müzakirələrə səbəb oldu. 

Allah rəhmət eləsin. Heç kim istəməz belə bir hadisə olsun. Amma olub. Müdafiə etdiyim şəxs yüngül dərəcəli sərxoş olub hadisə zamanı. Lev Tolstoy bir əsərində deyir ki, insan ayıq başına etmədiyi çox şeyi sərxoş vəziyyətdə edir. Çünki spirtli içki insanın vicdan hissini keyidir. Bu fikir müdafiə etdiyim şəxsi məsuliyyətdən azad etmir. İki idmançıdır, dalaşıb sonra ayrılıb gedəcək adamlar idi, sərxoş olması hadisənin nəticəsinə təsir edib. 

Dövlət ittihamçısı deyəsən, ölüm hadisəsi üçün çox cəza istəyib.

Adətən qisas motivləri, şəxsi münasibətlər zəmnində yaranan mübahisələr zamanı bir şəxs həyatdan məhrum olursa təqsirləndirlən şəxsə AR CM-nin 120.1 - ci maddəsi ilə ittiham elan edilir. Orada cəza 9 ildən 14 ilə kimidir. Ağırlaşdırıcı halları da var. Məsələn xuliqanlıq niyyəti ilə adam öldürmə. Bu işdə də prokurorluq uzun müddət AR CM-nin 120.1-ci maddəsi ilə işi apardı. İkisi uşaq olmaqla dörd nəfər  dindirildi. Adətən uşaqlar düz danışır.

Bu uşaqlar ifadələrində bildiriblər ki, dünyadan köçən şəxs müdafiə etdiyim şəxsi ağır söyüşlərlə təhqir edib. Bunları mən özümdən demirəm. Məsuliyyətimi də dərk edirəm. Şahidlərin adlarını sadalaya bilərəm. İstintaq zamanı dindirilmiş Sumqayıt şəhər 30 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Hüseynov Şirin ifadəsində belə deyib. Paşazadə Mehrab da şahid qismində dindirilib və eyni ifadəni verib. Dörd nəfər şahid israrla bildirir ki, valideynlərini təhqir edib, başqa ağır söyüşlər söyüb. 

Hətta son məhkəmə iclasında polis əməkdaşı ifadəsində bildirib ki, dava zamanı qoluna girib aparanda dedi ki, o məni söydü, mən də vurdum. 

Şahidlərin bu fikirlərini sadalamaqla mən təqsirləndirilən şəxsə haqq qazandırmıram. Hər bir halda qətl var və səmimi peşmançılıq var. 

Mənim fikirlərim insanları çaşdırmasın. Mən vəkiləm və hüquq dilində danışıram. Sadaladığım bu məsələlər də göstərir ki, cinayətin motivi var, səbəbi var, həm də ciddi səbəbi var. Cəmiyyətdə yazılmamış əxlaq normalarını götürsək, digər tərəfdən hüquq normaları deməyə əsas verir ki, cinayət səbəbsiz deyil.

İbtidai istintaq orqanı və məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının müddəaları heçə sayılır. Məhkəmələr orada tövsiyyə edilir ki, səbəb olmayanda, bəhanə ilə adam öldürəndə əməl xuliqanlıq niyyəti ilə adam öldürmə sayılır.

Lakin bu hadisədə səbəb var. Buna baxmayaraq cəmiyyətə belə sırımağa cəhd etdilər ki, guya Ruslan Səfxanov səbəbsiz yerə mərhumu öldürüb. Biz də qarşı-qarşıya çıxmadıq. Mən özüm dedim ki, səbirli olun. Həssas bir məsələdir. Çünki cəmiyyət deyir ki, ortada ölüm hadisəsi varsa səbəbi maraqlı deyil. Hətta ortaya atdılar ki, guya uşağın paxıllığın çəkirmiş.

Amma müdafiə etdiyim şəxs dünya ikincisidir. Bir neçə yarışın qalibidir. Universitet tələbəsidir. Sözümün canı odur ki, ortada paxıllıq, məqsədli hərəkət yoxdur. İttihamda da mərhumun təqsirləndirilənə ağır söyüşlər söydüyü öz təsdiqini tapıb. Hətta bu söyüşləri bəhanə etdiyini qeyd edilib. İki idmançı, həm də eyni gücdə olan idmançı olub. Sadəcə, mən müdafiə etdiyim şəxs qanunsuzluq edib, insanı həyatdan məhrum edib.

Bütün bu sadalananlar, şahidlərin ifadəsi, söyüş söyülməsi, hamısını kənara qoyub ən ağır cəza istəmək doğru deyil. 20 il cəza istəmək doğru deyil. Bununla 3-5 gün kimisə sakitləşdirmək olar. Buna hansı hüquqşünas baxsa qəlbində tam əmin olar ki, ədalətsiz qərardır. 20 ildən o yana ömürlükdür. Axı söyüş öz təsdiqini tapıb.

Niyə xuliqanlı niyyəti ilə adam öldürmə kimi hüquqi qiymət verib 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyir dövlət ittihamçısı? Bunu bir hüquqşünas kimi deyirəm ki, tam ədalətsiz ittihamdır. Həmçinin qeyd etmək istəyirəm ki, məhkəməyə insanlar tərəfindən o qədər təzyiq oldu ki, məhkəmə araşdırması zamanı mərhumun hüquqlarını müdafiə etdiyim şəxsi söydüyünü eşidən uşaqları çağırıb dindirmədilər.

Onların yalnız ifadələri məhkəmədə elan olundu. Halbuki onlar məhkəmə iclasına dəvət olunsa və dindirilsəydi cəmiyyətimizə tam şəkildə aydın olacaqdı ki, qətl hadisəsinin baş verməsinə səbəb nə olmuşdur. Hazırda məhz cəmiyyətimiz tərəfindən israrla təzyiq olunduğu üçün hüquqlarını müdafiə etdiyim şəxs AR CM-nin 120.2.2-ci maddəsində ittiham olunur və ona 20 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin olunması istənilir. Yəni belə başa düşürük ki, təzyiq olduğu üçün 20 yaşlı bir gənc 20 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir?

İnsanlar nə qədər qınasa da, bir hüquqşünas kimi bunları diqqətə çatdırmaq mənim borcumdur. Cəza axı sitəm xarakterli deyil. Buna görə də, hüquqlarını müdafiə etdiyim şəxsə də cəza təyin edilərkən, onun barəsində ittiham hökmü çıxarılarkən qanunvericiliyin tələblərin gözləməlidir. 

Bu boyda adamların təzyiqinə, dava-dalaşına, söz-söhbətlərinə bu ölkənin pokurorluq orqanı duruş gətirə bilmirsə, bir hakim, hər nə qədər müstəqil olsa da, ədalətli qərar qəbul edə bilər?

Qətiyyən edə bilməz.

Bizimlə əlaqə saxlayın

birbank